ABŞ-ın büdcə kəsri problemi dünya iqtisadiyyatına nə vəd edir?
Deyirlər, büdcə hökumətin xarakterini göstərir – onun nə qədər bədxərc ya qənaətcil olduğunu, gələcək nəsillərə necə miras qoymaq istədiyini xəbər verir. Büdcəyə baxaraq hökumətin çeşidli gəlir mənbələrinə sahib olub olmadığını, ölkənin hansı istiqamətdə inkişafına vəsait xərclədiyini öyrənmək olar. Biz elə bir iqtisadi dövrdə yaşayırıq ki, iqtisadi cəhətdən inkişaf etmiş ölkələrin əksəriyyətinin büdcə xərcləri ilə gəlirləri uzlaşmır. Bu qəbildən olan ölkələrdən biri də dünyanın ən böyük iqtisadiyyatı olan Amerika Birləşmiş Ştatlarıdır.
1940-cı ildən sonrakı dövr ərzində cəmi 11 ildə ABŞ büdcəsi profisit göstərmişdir. 90-cı illərin sonundakı internet şirkətləri bumundan sonra ABŞ hər ili büdcə kəsri ilə başa vurmuşdur. 2011-ci ildə ABŞ-ın büdcə kəsrinin ÜDM-ə nisbətinin 10 faizi keçəcəyi gözlənilir. Yazımızda ABŞ-ın büdcə kəsri problemindən, bunu yaradan amillərdən və dünya iqtisadiyyatına təsirindən bəhs edəcəyik.
Büdcə kəsrinin səbəbləri
2008-ci ilə qədərki dövrdə ABŞ hökumətinin illik büdcə kəsri əvvəlki dövrlərlə müqayisə edilən həcmdə idisə, son 3 ildə büdcə kəsri misli görünməyən səviyyəyə çatmışdır (Qrafik 1 və 2). Rəqəmlərlə ifadə etsək, 1940-2007-ci illərdə illik orta büdcə kəsri 200 milyard dollara yaxın idisə, 2008-2011-ci illərdə bu göstərici 1 trilyon dolları ötmüşdür.
Qrafik 1: ABŞ büdcə kəsri, 1970-2011-ci illər üzrə inflyasiyaya uyğunlaşdırılmış milyard dollarla.

Qrafik 2: ABŞ büdcə kəsrinin ÜDM-ə nisbəti, illər üzrə faizlə. 
Son 10 ilə nəzər yetirdikdə, büdcə kəsrini artıran iki səbəb üzə çıxır. Birincisi, 2002-2003-cü illərdə Əfqanıstan və İraqda başlanmış hərbi əməliyyatlara çəkilən xərclər ABŞ-ı büdcə profisiti olan ölkədən büdcə kəsri olan ölkəyə çevirmişdir.
Lakin büdcə kəsrini artıran əsas amil 2009-cu ildə dərinləşən maliyyə böhranı olmuşdur. 2008 və 2009-cu illər ərzində maliyyə böhranı nəticəsində şirkətlərin mənfəəti azaldığı üçün onların dövlətə ödədiyi vergilərin həcmi də kəskin aşağı düşmüşdür (Qrafik 3-4). Eyni geriləməni fiziki şəxslərin gəlirlərindən tutulan vergidə və yığılan sosial sığorta və pensiya haqlarında da müşahidə etmək olar. Bu isə həm işsizliyin artmasına, həm də fiziki şəxslərin gəlirlərinin azalmasına işarə edir.
Eyni zamanda, ölkənin büdcə xərcləri, xüsusilə sosial müdafiə və sığorta xərcləri, Medicare (yaşlılar üçün nəzərdə tutulan səhiyyə və sosial müdafiə forması) və əhalinin bəzi qruplarının gəlir təhlükəsizliyini təmin etmək üçün dövlət tərəfindən edilən yardımların həcmi artmışdır. Əsas diqqət cəlb edən işsizlik sığortasıdır ki, 2008-2010-cu illərdə onun ödəmələri 3 dəfədən çox artaraq 160 milyard dollara çatmışdır. Bu da işsiz qalan vətəndaşların sayının nə qədər sürətlə artdığını göstərir.
Beləliklə, böhran nəticəsində gəlirlərin azalması və xərclərin artması təbii olaraq büdcə kəsrini artırmışdır. Bu dövrdə ölkənin texnoloji inkişafa, təhsil və elmi araşdırmalara ayırdığı vəsaitin həcmi artmamışdır. Digər tərəfdən, ümidvericidir ki, növbəti beş ildə büdcə kəsrinin ÜDM-ə nisbətinin normal səviyyə olan 4 faizə qədər azalacağı proqnozlaşdırılır. Belə ki, büdcə xərclərinin 2014-cü ilə qədər 4 trilyon dollardan az olacağı nəzərdə tutulur. Real iqtisadiyyatın artması nəticəsində isə büdcə gəlirlərində həm fiziki şəxslərin vergisi, həm də mənfəət vergisi miqdarının 2016-cı ilə qədər 2 dəfə artacağı gözlənilir.
Qrafik 3: ABŞ büdcəsinin əsas xərc istiqamətləri, illər üzrə milyon dollarla.
Qrafik 4: ABŞ büdcəsinin əsas gəlir istiqamətləri, illər üzrə milyon dollarla.

Büdcə Kəsrinin Maliyyələşməsi
Bütün inkişaf etmiş ölkələr kimi, ABŞ da büdcə kəsrini borclanmaqla maliyyələşdirir. 2008-ci ildə 10 trilyon dollardan az olan borcların səviyyəsi sonrakı iki ildə sürətlə artaraq qanunda nəzərdə tutulan maksimum həddə – 14,3 trilyon dollara yaxınlaşmışdır. Maraqlıdır ki, təxminən 15-20 gündən sonra ABŞ-ın dövlət borcunun bu rəqəmə çatacağına baxmayaraq, Konqres hələ bu həddin artırılması barədə qərar verməyib. Görünür, hər mövzuda olduğu kimi, burada da müzakirələr son günədək davam edəcək.
ABŞ dövlət borcunun ÜDM-ə nisbəti 2008-ci ildən başlayaraq kəskin artmış və 65 faizdən 100-ə yaxınlaşmışdır (Qrafik 5). 2010-cu ilin sonuna olan məlumata görə, borcun təxminən 1/3 hissəsi hökumət agentlikləri tərəfindən, qalanı isə Federal Ehtiyatlar Sistemi (FES) və başqa kreditorlar, xüsusilə xarici kreditorlar tərəfindən maliyyələşir. 2002-ci ildə ABŞ dövlət borcunun hələ 20 faizindən az hissəsini maliyyələşdirən xarici kreditorlar 2010-cu ildə bu rəqəmi 33 faizə çatdırmışlar. Onların arasında xüsusi diqqəti çəkənlər – Çin, Yaponiya, Böyük Britaniya və OPEC ölkələridir. ABŞ dövlət borcunun 10 faizinə təkbaşına Çin sahibdir.
ABŞ-ın sürətlə borclanması və dövlət büdcəsində faiz xərclərinin sürətlə artması beynəlxalq ictimaiyyətin və reytinq qurumlarının ABŞ-ın maliyyə təhlükəsizliyinə şübhələrini artırmışdır. Belə ki, S&P bəyan edib ki, yaxın gələcəkdə ABŞ-ın reytinqini azalda bilər. Bu da dövlət istiqraz vərəqələrinin riskini və investorların tələb etdiyi faiz dərəcəsini artırır.
Qrafik 5: ABŞ dövlət borcunun həcmi (milyon dollar) və ÜDM-ə nisbəti (faizlə).
Son iki ildə xarici investorların, xüsusilə Çinin bu borc kağızlarını satacağı fikri səslənsə də, rəqəmlər bunun əksini göstərir. Son iki il ərzində Çin yarım trilyon dollara yaxın həcmdə ABŞ dövlət istiqrazı alaraq, portfelinin dəyərini 1,2 trilyon dollara çatdırmışdır ki, bu da Çinin valyuta ehtiyatlarının 1/3 hissəsi deməkdir. Çin birdən-birə bu qədər böyük həcmdə istiqrazları sata bilməz, çünki o belə bir addım atarsa, sahib olduğu istiqrazların dəyərini sürətlə azaltmış olar. İndiyədək ABŞ dövlət istiqrazları risksiz maliyyə aləti hesab edilir və əksər xarici investorların portfelinə riski azaltma və sabit gəlir vasitəsi kimi daxil olur. Əlbəttə, reytinq qurumlarının növbəti aylarda verəcəyi qərarlar bu fikri dəyişə bilər. Yenə də dolların dəyərdən düşməsi ABŞ istiqrazlarına yatırım edən xarici investorların zərərinə olacaq.
Büdcə kəsri, dolların məzənnəsi və dünya iqtisadiyyatı
Bir vaxtlar ABŞ-ın maliyyə naziri J.Connally Avropalı nümayəndələrə “dollar bizim valyutamız, sizin probleminizdir” demişdi. Bir tərəfdən FES-in likvidliyi artıran monetar siyasəti, digər tərəfdən büdcə kəsri dolların məzənnəsinə azaldıcı təsir göstərir. Faizlərin aşağı olması dolların digər valyutalara nəzərən qısa müddətli cazibəsini itirir. FES-in 2-ci likvidlik proqramını (QE2) iyunda başa çatdıracağı xəbəri monetar ekspansiya siyasətinin sonuna işarə etsə də, ABŞ iqtisadiyyatında böhrandan sonrakı bərpa prosesinin yavaş və uzunmüddətli olması investorların dollara ehtiyatla davranmasına səbəb olur. Beləliklə, onlar digər ölkələrin qiymətli kağızlar bazarlarına yönəlir. İnvestorlar aşağı faizli və dəyərdən düşəcəyi gözlənilən valyuta olan dollarla borclanaraq, yüksək faizli və dəyər qazanacaq valyutalara investisiya edirlər.
Dolların dəyərini azaldan digər amil əmtəə bazarlarındakı yeniliklərdir. Birincisi, indeks fondları kimi yeni yatırım fondlarının ixrac edilməsi əmtəə bazarlarının investorlara əlyetənliyini artırdığı üçün bu bazarlara maliyyə axımı sürətlə artmışdır. İkincisi, inkişaf etməkdə olan ölkələrdə artan gəlirlərin və artan istehsalın yaratdığı əlavə tələb əmtəə qiymətlərini artırmışdır. Bu amillər bazarlarda dollar təklifini artırmış və dolayı olaraq dolların məzənnəsini azaltmışdır.
Dolların məzənnəsinin azalması digər ölkələrə üç yolla təsir edir:
Birincisi, qeyd etdiyimiz kimi, dollar denominasiyalı aktivlərin valyuta riskinin artması və dəyərdən düşməsidir. Onlar investisiya strategiyalarında buna uyğun addımlar atmalıdırlar.
İkincisi, inflyasiya təsiridir. Xarici ölkələrə daxil olan maliyyə vəsaitləri o ölkələrdə (xüsusilə sabit məzənnə sistemi tətbiq edən ölkələrdə) likvidliyi artırır və inflyasiya təhlükəsi yaradır. Eyni zamanda, dollar denominasiyalı əmtəə idxal edən ölkələrdə əmtəə qiymətləri artdığına görə həm istehlak, həm istehsalçı qiymətləri artır.
Üçüncüsü isə, ABŞ məhsullarının digər valyutalarla qiymətinin azalmasıdır ki, bu da həmin ölkələrin ABŞ-dan idxalını artıraraq dolayı yolla xarici ticarəti ABŞ-ın lehinə dəyişir.
Büdcə kəsrini azaltma planları
Qrafik 3 və 4-də büdcənin əsas xərc və gəlir istiqamətlərinin gələcəkdə gözlənilən səviyyələrini göstərmişdik. Bu proqnozlar optimist olsa da, gələn 5 ildə cəmi büdcə kəsrinin 4 trilyon dollara (10 ildə 9,5 trilyon dollara) yaxın olacağı gözlənilir. Bunun böyük problem olduğunu başa düşən ABŞ hökuməti və Konqresi büdcə kəsrini azaldan təkliflər hazırlayaraq ictimaiyyətin müzakirəsinə çıxarıb.
Büdcə kəsrini azaltmaq üçün müxtəlif planlar təklif olunub ki, hazırda bunlardan əsas üçü müzakirə olunur: Bunlar, Prezident Obamanın təklif etdiyi plan, 3 Demokrat və 3 Respublikaçı senatordan təşkil olunmuş maliyyə komissiyasının təklifi və Respublikaçı gənc konqresmen Paul Ryanın planıdır. Üç plan arasında həm oxşar, həm də fərqli məqamlar mövcuddur. Aşağıdakı cədvəl sahələr üzrə hər üç planın təkliflərini müqayisəli şəkildə göstərir:
Cədvəl 1: Büdcə kəsrini azaltmaq üçün təklif edilən üç plan Təkliflər
|
|
Prezident Obamanın planı
|
Maliyyə Komissiyası
|
Paul Ryan planı
|
|
10 illik cəmi büdcə kəsri
|
6.99 trilyon dollar
|
5.32 trilyon dollar
|
5.45 trilyon dollar
|
|
Təklif edilən qənaətin sahələrə görə bölgüsü (%)
|
|||
|
Müdafiədən kənar ixtiyari xərclər
|
23
|
14
|
41
|
|
Müdafiə və təhlükəsizlik xərcləri
|
7
|
23
|
0
|
|
Səhiyyə xərcləri
|
17
|
15
|
35
|
|
Subsidiya və müavinətlər
|
15
|
9
|
24
|
|
Vergi islahatı
|
39
|
38
|
0
|
Ümumiyyətlə, yaşlı əhalinin sayının artması, səhiyyənin inkişafına paralel olaraq orta ömür müddətinin artması ölkənin səhiyyə və sosial müdafiə proqramında böyük islahatların aparılmasını zəruri edir. Lakin hazırkı kəskin müzakirələr (həm iqtisadi, həm də ideoloji) bu prosesin asan olmayacağını göstərir. Paul Ryan planı artıq Konqresdən keçsə də, yalnız respublikaçıların səs çoxluğu ilə keçdiyinə görə, onun müzakirələri hələ davam edir.
Prezidentin və maliyyə komissiyasının təklifinin əsas hissəsi vergi islahatlarına aiddir. Bu islahatlar çox gəlirli ailələrin vergi dərəcəsini artırmağı təklif etdiyi üçün respublikaçıların böyük etirazına səbəb olur. Prezidentin planını tənqid edənlər arasında iqtisadçı alimlər də var. Onlar qeyd edir ki, belə bir islahat aparılmasa belə, ABŞ-ın fiziki şəxslərdən toplanan gəlirlərin yarısını əhalinin ən yüksək qazanc əldə edən 1 faizlik qrupu ödəyib. Digər tərəfdən, ABŞ inkişaf etmiş ölkələr arasında ən yüksək mənfəət vergisi dərəcəsi olan ölkələrdən biridir. Bu, ABŞ iqtisadiyyatının və vergi gəlirlərinin artmasına mane olan amillərdən biridir.
Yuxarıdakı planlar arasında hansının qəbul ediləcəyini demək çətindir. Yəqin ki, müzakirələr kəskinləşəcək və nəticədə hər iki siyasi qanadın ortaq planı hazırlanacaq.
Osama bin Ladenin öldürülməsindən sonra ABŞ hərbi qüvvələrinin Əfqanıstan və İraqdan çəkilməsi daha da sürətlənəcək və hərbi xərclər azalacaq (Prezident Obama 10 ildə 400 milyard dollara qədər azalma təklif edir). Belə proqnoz etmək olar ki, Medicare və Medicaid kimi qurumlara ayrılan xərclər azalacaq, mənfəət vergiləri aşağı salınacaq, eyni zamanda, bəzi güzəştlər ləğv ediləcək. Böyük ehtimalla, maliyyə bazarlarında fiziki şəxslərə tətbiq edilən gəlir vergisi güzəştləri ləğv olunacaq və ən yüksək gəlir qrupunda olanlar üçün vergi dərəcələri artırılacaq. Bunun mənfi təsiri ola bilər ki, investorlar ABŞ maliyyə bazarlarını tərk edərək digər bazarlara üz tuta bilər.
Hansı planın qəbul edilməsindən asılı olmayaraq, ABŞ ictimaiyyətinin büdcə kəsrini azaltma istəyi müsbət haldır. ABŞ-ın fiskal tarazlığının bərpa edilməsi digər böyük ölkələrin də arzu etdiyi hal olduğu üçün, növbəti 10 ili əhatə edən büdcə planının qəbul edilməsindən sonra onun dünya iqtisadiyyatına müsbət təsirlərini müşahidə etmək mümkün olacaq. </p>"









