Banklar və Biznes

ANALİTİK-İNFORMATİV PORTAL

Sun05202012

Sunaminin “dalğası” hara qədər çatacaq?

yaponiya

Üçqat fəlakət – zəlzələ, sunami və AES-də qəza... Bütün bunlar İkinci Dünya Müharibəsindən sonra Yaponiyanın qarşılaşdığı ən böyük bəla sayıla bilər. Baş verən təbii hadisələr mütəxəssislər tərəfindən son 50 ilin ən iri miqyaslı qlobal təhlükəlilik dərəcəsində sayıla biləcək fəlakət kimi qiymətləndirilir.

Fəlakətin Yaponiya iqtisadiyyatına təsirləri

Təqribi hesablamalara görə, təbii fəlakətin Yaponiyaya vurduğu zərərin məbləği 309 milyard dollardır ki, bu da Yaponiya ÜDM-nin təqribən 6%-nə bərabərdir. Bu rəqəmin sonradan artacağı də istisna edilmir.

Yaponiyanın Mizhuho Araşdırma İnstitutunun mütəxəssisi Yasuo Yamamoto Reuters informasiya agentliyinə verdiyi müsahibəsində iri şirkətlərinin vəziyyətinin necə olacağı haqda danışıb. O bildirib ki, ölkənin şimalının, xüsusilə, avtomobil sənayesi və yarımkeçiricilər istehsal edən zavodlardan ibarət olduğunu nəzərə alsaq, təbii fəlakətin ölkə iqtisadiyyatına təsiri hiss ediləcək dərəcədə güclü olacaq.

BNET-dən (Business Network) Jill Schlesinger də bu fikirlə oxşar fikirlər səsləndirib. Onun fikrincə, zəlzələnin təsirini ən çox Honda, Toyota və Sony şirkətləri hiss edəcək. Schlesinger: “Əgər bu şirkətlərin istehsal mərkəzləri və ixrac limanlarında qısamüddətli də olsa dayanma və ya ləngimələr olarsa, istehsal xərcləri hədsiz dərəcədə artacaq” deyə fikrini əsaslandırıb.

Təbii fəlakətin Yaponiyanın ticarət dövriyyəsinə də ciddi təsir edəcəyi gözlənilir. Qeyd edək ki, Yaponiyanın əsas ixrac məhsulları elektronik mallar və avtomobil sənayesi məhsullarıdır. Əsas ixrac bazarları isə ABŞ, Çin və Koreyadır. Yaponiya ixracının yarısı bu bu üç ölkənin payına düşür.

Yaponiyada zəlzələ və sunami ölkənin kənd təsərrüfatında əsas yer tutan düyü sahələrinə o qədər də ağır təsir etməyib.

Bloomberg News-a müsahibə verən Nyu York Universitetinin professoru Nouriel Roubini: “Zəlzələ Yaponiya üçün ən arzuolunmaz vaxtda gəldi” - deyə, bildirib. Lakin bəzi məqamlarda “iqtisadiyyat kahini” nikbin mövqedədir. Roubininin fikrincə, Yapon hökumətinin ölkə infrastrukturuna ayıracağı milyardlarla dollar vəsait ölkənin iqtisadi canlanmasına təkan verəcək və iqtisadiyyatın böhrandan çıxmasını nisbətən sürətləndirəcək. Məhv olan infrastrukturun yenidən qurulması üçün hökumətin bu yönlü layihələrinə külli miqdarda vəsait ayıracağı gözlənilir.

Eyni zamanda, Yaponiya uzun müddətdir ki, bir çox inkişaf etmiş ölkələrin ən böyük problemlərindən biri olan borc yükü ilə mübarizə aparır. İnfrastruktur layihələrinin həyata keçirilməsi isə böyük məbləğdə vəsait tələb edir. ABŞ-ın Xarici İşlər Şurasının Yaponiya üzrə mütəxəssisi Sheila Smith-ə görə, Yaponiya maliyyə vəsaitləri cəlb etmək üçün xeyli miqdarda xəzinə istiqrazları satmalı ola bilər ki, bu da ölkənin borcunu daha da artıracaq.

Dünya iqtisadiyyatına təsirləri

Sənaye sahələrində istehsalın həcminin azalması nəticəsində dünyanın üçüncü böyük neft idxalçısı olan Yaponiyanın neftə olan tələbatı azalıb. Eyni zamanda, Yaponiyanın polad istehsalında 20 milyon tonluq azalmanın dünya bazarlarında hiss olunacağı, bunun Avstraliyanın filiz hasilatına təsirsiz ötüşməyəcəyi bildirilir. Lakin bu mənzərə fonunda Çinin polad istehsal həcmində artım da müşahidə oluna bilər.

Həmçinin, Yaponiya digər Asiya ölkələri – İndoneziya, Filippin, Vyetnam və Tayland üçün əsas ixrac bazarıdır. Yaponiyaya idxal olunan malların 15%-i bu ölkələrin payına düşür. Bu ölkələr Yaponiyada baş verən təbii fəlakətdən digərlərinə nisbətən daha çox zərər görəcək. Yaponiyada baş verənlərin təsirini hiss edəcək ölkələr sırasında Rusiya da var. Təkcə 2010-cu il ərzində Rusiya Yaponiyadan 8 milyard dollar dəyərində mal idxal etmişdir. Eyni dövr ərzində isə o, Yaponiyaya 16 milyard dollarlıq məhsul ixrac edib.

Zəlzələnin nəticələrinin Yaponiya və dünya iqtisadiyyatına təsirlərini araşdırmaq məqsədilə martın 22-də Çində “Yaponiya zəlzələsinin dünya iqtisadiyyatına təsiri” adlı elmi simpozium təşkil olunub. Zəlzələnin həm ölkə iqtisadiyyatına, həm də dünya iqtisadiyyatına təsirlərinin müzakirə predmeti olduğu simpoziumun nəticələrinə görə, təbii fəlakət Yaponiya iqtisadiyyatına o qədər də sarsıdıcı zərbə vurmayacaq. Pekin Xarici Əlaqələr Universitetinin rektoru professor Çen Yuyolunun fikrincə, ölkə rəhbərliyinin ultra-yumşaq monetar siyasəti sayəsində ölkə tez bir zamanda öz vəziyyətini normallaşdıra biləcək.

Eyni siyasəti izləyən Yaponiya və ABŞ-da iqtisadiyyatın bərpası tədricən inflyasiya ilə müşayiət olunacaq. Lakin inkişaf etmiş ölkələrdən fərqli olaraq, inkişaf etməkdə olan ölkələr artıq dünya böhranından sonra bərpa mərhələsinin aktiv fazasına daxil olublar. Bu səbəbdən də, inkişaf etməkdə olan ölkələrdə bərpa prosesi sürətləndikcə, inflyasiyanın artması da gözləniləndir. Yaponiya və ABŞ-da isə bərpanın tədricən getməsi inflyasiyanın o qədər də güclü olmayacağı fikirlərini ortaya qoyur.

Yaponiya fəlakəti və onun dünya iqtisadiyyatına təsirləri istiqamətində dünyanın müxtəlif nüfuzlu media qurumlarında iqtisadçı mütəxəssislərin maraqlı fikirləri səsləndirilir. Los-Angeles Times qəzetindən Alana Samuels-ə görə Yaponiyadakı fəlakətin dünya iqtisadiyyatının bərpasına mənfi təsirləri olsa da, bu müvəqqəti olacaq və o qədər də güclü izlər buraxmayacaq.

Yaponiya zəlzələsi dünya birjalarını silkələyə biləcəkmi ?

Mütəxəssislər hesab edir ki, təbii fəlakətdən öncə də uzaq şərq birjalarında geriləmələr müşahidə olunurdu. Zəlzələnin baş verməsi nəticəsində bu geriləmə daha da sürətlənib. Zəlzələdən sonrakı ilk dövrlərdə Tokio Birjası 1,7 bənd, Hong Kong birjası isə 1,5 bənd geriləmə ilə üzləşib.

CNN Money-ə müsahibə verən yapon iqtisadçısı Myrto Sokou isə bildirib ki, dünya bazarlarında neftin qiymətinin artması və Yaxın Şərqdə baş verən son hadisələr birjalardakı vəziyyətə onsuz da mənfi təsir edirdi. İndi dünya iqtisadiyyatının əsas fiqurlarından birində bu qədər güclü fəlakətin yaşanması birjalarda bir qədər də geriləmə ilə müşayiət olunacaq. Təbii fəlakətdən sonra dünyanın gözü ABŞ birjalarına yönəlib və orada baş verənləri – uzaq şərqdən gələn xəbərlərə veriləcək reaksiyaları izləyir.

Anar Natiqoğlu

37-2011 »

JA Teline IV

36-2011 »

JA Teline IV

35-2011 »

35-2011

34-2011 »

34-2011

33-2011 »

Avatar