Banklar və Biznes

ANALİTİK-İNFORMATİV PORTAL

Sun05202012

Fövqəladə istedadlı riyaziyyatçı, uğurlu hec-fond rəhbəri və nümunəvi xeyriyyəçi – Ceyms Saymons

symons

Bəlkə də 30 il əvvəl şəxsi bizneslə məşğul olmaq qərarına gəlməsəydi, indi bütün dünyanın elm ictimaiyyəti onun riyaziyyata gətirdiyi elmi yeniliklərdən və onların həyatın müxtəlif sahələrinə tətbiqindən danışırdı. Ancaq o, elmi biliklərini idarəetmə bacarığı ilə birləşdirərək özü tətbiq etmək qərarına gəldi, həm də iqtisadiyyatın ən mürəkkəb istiqamətlərindən birində. Və beləcə, dünya biznes elitasının “Ceyms Saymons əfsanəsi” kimi tanıdığı məşhur milyarder ortaya çıxdı. Yəqin ki, dünya milyarderləri arasında həm elmdə, həm də biznesdə onun qədər böyük nailiyyətləri olan ikinci bir şəxsə rast gəlmək çətin olar. “Ən ağıllı milyarder” ləqəbi verilmiş bu istedadlı insan fundamental riyaziyyat və praktik maliyyə idarəetməsi sahəsindəki uğurları ilə yanaşı, həm də əksər milyarderlərə örnək olacaq xeyriyyəçiliyi ilə də tanınır.

Riyaziyyatçı Cim

Ceyms Saymons 1938-ci ildə ABŞ-ın Massaçusets ştatının Nyuton şəhərində anadan olub. Massaçusetsli ayaqqabı fabriki sahibinin nəvəsi olan Saymons 1958-ci ildə Massaçusets Texnologiya İnstitutunda (MIT) riyaziyyat üzrə bakalavr dərəcəsi, 1962-ci ildə, 24 yaşında ikən Berkli Universitetində riyaziyyat üzrə fəlsəfə doktoru (PhD) dərəcəsi əldə edib. 1961-ci ildən 1964-cü ilədək MIT-də və Harvard Universitetində riyaziyyatdan dərs deyib. 1964-68-ci illərdə Müdafiənin Təhlili İnstitutunun Kommunikasiya Tədqiqatları Şöbəsində tədqiqatçı işləyib, həmçinin, Vyetnam müharibəsi zamanı Milli Təhlükəsizlik Agentliyi tərəfindən verilən bir sıra kriptoanalitik tapşırıqların yerinə yetirilməsində fəal iştirak edib. 1968-ci ildə Stouni-Bruk Universitetinin riyaziyyat şöbəsinin rəhbəri təyin edilib. Onun vaxtında universitet ABŞ-ın 10 ən yaxşı universitetindən biri olub.

Ceyms Saymons 1974-cü ildə Çern-Saymons nəzəriyyəsinin həmmüəlliflərindən biri olub. 1980-ci illərin ortalarından etibarən bu nəzəriyyə sahənin topoloji kvant nəzəriyyəsinin tətbiqi istiqamətində şöhrət qazanmışdır. 1976-cı ildə Saymons sahəni azaldan çoxölçülü müstəvilər və xarakterik formalar üzrə işlərinə görə Amerika Riyaziyyat Cəmiyyətinin Həndəsə üzrə Osvald Veblen Mükafatını alıb.

Hazırda Ceyms Saymons Brukheyven Milli Laboratoriyası, Xüsusi Tədqiqatlar İnstitutu, Rokfeller Universiteti, Riyazi Tədqiqatlar İnstitutunun etibarlı simasıdır. Həmçinin MIT-nin komitə üzvüdür.

Saymons və onun həyat yoldaşı Manhetten və Lonq-Aylenddə yaşayırlar, 5 övladları var.

“Saymonsun  Renessansı”

1978-ci ildə Saymons akademik elmi tərk edərək, diskret əsasda malları və müxtəlif maliyyə alətlərini mübadilə edən investisiya fondunun əsasını qoyub. 1982-ci ildə Nyu-Yorkda 30 milyard dollardan artıq vəsaitin idarə edilməsi üçün Renaissance Technologies Corporation özəl investisiya şirkətini təsis edib. Saymons indiyədək dünyanın ən uğurlu hec-fondu hesab edilən şirkətin başında dayanır. O, 2004-cü ildə 670 milyon, 2005-ci ildə 1,5 milyard (həmin ildə hec-fondların idarəediciləri arasında ən yüksək gəlir), 2006-cı ildə 1,7 milyard, 2007-ci ildə 2,8 milyard dollar gəlir əldə edib. 8,5 milyard dollar var-dövlətə sahib olan Saymons 2010-cu ildə Forbes jurnalının sıralamasına görə dünyanın ən zəngin insanları arasında 80-ci yerdə olub. 2006-cı ildə Financial Times onu “ən ağıllı milyarder” adlandırıb.

Onun təsis etdiyi, hec-fondların idarə edilməsini həyata keçirən Renaissance Technologies Corp. son illərdə əla nəticələr göstərib. Artıq 30 ilə yaxındır ki, bütün dünya birjalarında sövdələşmələr edən Renaissance Technologies investisiya şirkəti likvid maliyyə alətlərinin qiymətlərinin dəyişməsini qabaqcadan müəyyən etmək üçün mürəkkəb riyazi-iqtisadi modellərdən istifadə edir. Bu şirkətdə bir sıra ölkələrdən (ABŞ, Yaponiya, Kuba və s.) riyaziyyatçılar, iqtisadiyyat analitikləri, statistiklər, fiziklər, və hətta astrofiziklərdən ibarət 200-ə qədər peşəkar çalışır və onların üçdə birinin doktorluq dərəcəsi var. Bu isə Renaissance-a əksər hec fondlarından daha yüksək gəlir əldə etməyə imkan verir.

Renaissance, həmçinin, 100 milyard dollarlıq, yəni, indiyədək mövcud olan ən irihəcmli kapitalın idarə edilməsini nəzərdə tutan RIEF fondunu yaradıb.

Saymons 2006-cı ildə Beynəlxalq Maliyyə Mühəndisləri Assosiasiyası (International Association of Financial Engineers) tərəfindən “ilin maliyyə alimi” elan edilmişdir.

Onun əldə etdiyi uğurlar həmkarlarını da biganə qoymamışdır. Hazırda yaşayanlar arasında ən mükəmməl nəzəri fizik kimi tanınan Prinstonun Qabaqcıl Tədqiqatlar İnstitutunun professoru Edvard Uitteni: “Riyaziyyatçının digər bir fəaliyyət meydanında bu qədər böyük uğurlara nail olduğunu görmək necə də heyrətamizdir”, - deyə, öz rəğbətini gizlədə bilməmişdir.

Mənfəətli “qara qutu”

Renaissance Technologies şirkətinin treydinq strategiyaları çox vaxt “black box”, yəni “qara qutu” termini ilə təsvir edilir. Adətən əmanətçilər öz pullarını onlarla anlaşılmaz işlər görən şəxslərə etibar etmirlər. Amma Saymonsun fikrincə, investorları üçün bunu bilmələri kifayətdir ki, onun fondları çox mənfəətli “qara qutu”dur.

Renaissance şirkətinin ilk hec-fondu olan Medallion ABŞ və beynəlxalq bazarlarda əmtəə ticarəti ilə məşğul olur (hazırda bu fondun idarə etdiyi vəsait 5 milyard dollara yaxındır). Fond 1989-cu ildən 2006-cı ilə qədər hər il öz əmanətçilərinə orta hesabla 38,5% vəsait qaytarıb. Özü də bu zaman söhbət idarəetmə xidmətinə görə Renaissance-ın xeyrinə ilkin əmanətin 5%-i və mənfəət məbləğinin 44%-i çıxıldıqdan sonra qalan təmiz gəlirdən gedir. Qeyd etmək lazımdır ki, belə faizlər bazarda digər fondların göstərdiyi analoji xidmətlərin mənfəətliyini təxminən iki dəfə üstələyir.

Saymons həm Medallion-un əsas əmanətçisi, həm də fondun aktivlərini idarə edən şirkətin baş meneceri olduğuna görə, bu qədər yüksək mənfəət ona xeyli var-dövlət qazandırıb. Bu fond Saymonsun idarəetməsində olan yeganə fond deyil. O, sonralar səhmlərlə ticarət edən Nova Fund, institusional investorlar üçün nəzərdə tutulmuş Renaissance Institutional Equities Fund (RIEF), əmlak ticarəti ilə məşğul olan Renaissance Return Fund və bir sıra digər fondları da yaradıb.

Renaissance-ın investisiya texnologiyaları barədə çox az şey məlumdur. Şirkətdə çalışan analitiklər elmi metodlardan istifadə edərək, qiymət tərəddüdləri barədə ötən günlər, aylar, illər ərzində toplanmış çox böyük həcmdə verilənlərin gizli tendensiyaları haqqında təkrarlanma nümunələri və digər vacib siqnallar axtarırlar. Nə vaxt və nə ilə ticarət etməyi də bu siqnallar əsasında onların işləyib hazırladıqları hesablama modelləri seçir.

Renaissance Technologies-də fond birjalarında qiymət sıçrayışları barədə nəhəng verilənlər bazası toplanıb. Qiymətlərin hərəkətində həmişə “təsadüfi küy” olur, amma orada əhəmiyyətli siqnallar da mütləq mövcud olur. Analitiklərin vəzifəsi ideyanın uğuru üçün prinsipial vacib olan bu cür əlamətləri aşkara çıxarmaqdır. Elmin bir çox sahələrində “küy içərisində əhəmiyyətli siqnalların aşkar edilməsi” üçün riyazi-statistik təhlil metodları işlənib hazırlanır. Odur ki, Renaissance-ın əməkdaşları öz eksperiment və modifikasiyalarına dünya elminin ən müxtəlif sahələrinin kəşflərini və yeniliklərini cəlb edir.

Az danışan milyarder... yaxud nümunəvi xeyriyyəçi

Son illərədək hətta peşəkar maliyyəçilər də Saymons barədə çox az şey bilirdilər. Mətbuatda nadir hallarda görünən, öz işi və rəhbərlik etdiyi şirkətin fəaliyyəti haqqında uzun-uzadı danışmağı sevməyən Ceyms kölgədə qalmağı biznesdə uğur əldə etməyin açarı hesab edirdi. 2005-ci ildə Saymons RIEF hec-fondunu yaratmaq niyyətində olanda onu maliyyə bazarlarından çox uzaq olan şəxslər də sezdilər. Məhz onda məlum oldu ki, Ceyms Saymons dünyada ən uğurlu hec-fondların meneceri olan Renaissance Technologies Corporation şirkətinin beyni və əvəzsiz rəhbəridir.

Bu şəxsin ən cəlbedici cəhəti onun hiper-uğurlu biznesi və elmi metodlarla qazandığı milyardları deyil, onun bu pullardan necə istifadə etməsidir. Sənət əsərləri, imarətlər, təyyarə və limuzinlərin kolleksiyasını toplayan bir çox milyonçulardan fərqli olaraq, Saymons müntəzəm olaraq fundamental və tətbiqi elmi tədqiqatlara böyük məbləğdə pul sərf edir, habelə ABŞ məktəblərində riyaziyyatın tədrisinin inkişafı üzrə təşəbbüsləri dəstəkləyir (nəinki maliyyə, həm də təşkilati formada).

Vaxtilə ən məşhur universitetlərdə riyaziyyatdan dərs demiş Ceyms Saymons bu sahədəki problemlərin çoxluğunu müəllimlərin əmək haqlarının çox aşağı olması və ixtisaslı müəllimlərin özəl sektora axınının geniş vüsət alması ilə əlaqələndirmişdir. Bu tendensiyanın qarşısını almaq məqsədilə o, 2004-cü ildə “Math for America” (“Amerika üçün Riyaziyyat”) təhsil proqramını hazırlamış və bunun üçün şəxsi vəsaitindən 25 milyon dollar ayırmışdır. Bu təşəbbüs nəticəsində həm gənc müəllimlərin axını baş verdi, həm də amerikalı konqresmenlərin analoji qanunvericilik təşəbbüslərinin artması müşahidə olunmuşdur.

2008-ci ildə Saymons Fondu Nyu-York ştatı tarixində Stouni Bruk ictimai universitetinə ən böyük pul hədiyyəsini etmiş, Həndəsə və Fizika üzrə Saymons Mərkəzinin təsis edilməsi üçün 60 milyon dollar ayırmışdır.

Cim Saymons və onun ikinci həyat yoldaşı Merilin Horis Saymons elmi tədqiqatlardan əlavə, təhsil və tibbi layihələri dəstəkləyən “Saymons Fondu” adlı xeyriyyə təşkilatını yaratmışlar. Saymons, oğlunun adını daşıyan və xüsusi olaraq yaradılmış Nik Saymons İnstitutunun köməyilə Nepalın səhiyyə sisteminə böyük töhfələr vermişdir. Ailə fondu son illərdə autizmin səbəbinin araşdırılmasına 38 milyon dollar sərf edib və bu sahənin tədqiqi üçün ən böyük investisiya olacaq daha 100 milyon dollar xərcləməyi planlaşdırır.

Saymons özü çox danışmağı sevməsə də, elm və biznes sahəsindəki nəhəng uğurları və xeyriyyəçilik fəaliyyəti bu maraqlı insan haqqında çox şey deyir.

37-2011 »

JA Teline IV

36-2011 »

JA Teline IV

35-2011 »

35-2011

34-2011 »

34-2011

33-2011 »

Avatar