Biz vəsaitlərinizin təhlükəsizliyinə bank zəmanəti veririk
Bu ay yerli maliyyə bazarında tamamilə yeni bank məhsulunun meydana çıxmasının – “Muğanbank” ASC-nin FOREX beynəlxalq valyuta bazarında əməliyyatlar aparmaq üçün müştərilərinə kompleks xidmətlər təklif etməsinin bir ili tamam olur. Bu münasibətlə bankın Xəzinədarlıq Departamentinin direktor müavini cənab Konstantin Rəsulovdan müsahibə götürdük.
- Beynəlxalq valyuta bazarlarında əməliyyatları artıq bir qrup yerli dilinq mərkəzləri təklif edirdi. Bu sahədə yerli bazara hansı yeniliyi təklif etmək olardı? Muğanbank niyə məhz FOREX-i seçdi?
- Dilinq mərkəzləri adlandırdığımız qurumların yerli bazarda bu sahədə etdiklərinə maliyyə brakonyerliyindən başqa ad vermək çətindir. Bu, qeydiyyatsız silahla, hətta ovun qadağan edildiyi mövsümdə qoruğa ova getmək kimi bir şeydir. Bank üçünsə valyuta mübadilə əməliyyatları mühiti Mərkəzi Bankın müvafiq lisenziyası əsasında, mövcud qanunvericilik çərçivəsində peşəkarlar tərəfindən həyata keçirilən gündəlik təcrübədir. Əsas xidmətimiz ondan ibarətdir ki, Muğanbank insanlara FOREX bazarında əməliyyatları qanuni yolla aparmaq imkanı verdi. Onlar vəsaitlərinin təhlükəsizliyinə, o cümlədən fəaliyyətlərinin legitimliyinə bank zəmanəti əldə etmiş oldular. Hüquqi əsas istənilən sahibkarlıq fəaliyyətinin bünövrəsidir, maliyyə əməliyyatları sahəsində isə bu, xüsusi əhəmiyyət kəsb edir.
Muğanbank bazara bu yeni məhsulunu çıxararaq müştərilərinə FOREX bazarında müasir yüksək texnologiyalı elektron ticarət platforması olan Muganbank Trading Station vasitəsilə işləmək imkanı yaratdı. Bu ticarət platforması 80-dən çox valyuta cütlüyü ilə, eləcə də birja indeksləri, neft, qaz və qiymətli metallar bazarlarını əks etdirən digər alətlərlə işləmək imkanı verir. Beləliklə, bank, müştərilərinə dünya maliyyə bazarlarından ən rəqabətcil məzənnələri əldə etmək imkanı yaratdı ki, bu da bütün treyderlər üçün əhəmiyyətli üstünlükdür.
- Adətən yeni bank məhsuluna başlamaq böyük məbləğdə xərclərlə müşayiət olunur. Qoyulan xərcin çıxarılması isə hətta uğurlu nəticə olduqda belə tez başa gəlmir. Bəs, sizin layihə uğurlu oldumu və nə dərəcədə?
- Layihəmiz baş tutdu! Ötən il ərzində FOREX bazarında sayı yüzlərlə ölçülən müştərilərimiz tərəfindən 76 mindən artıq əməliyyat aparılmışdır. Bu əməliyyatlar nəticəsində bank “spred”dən (valyutanın alış və satış qiymətləri arasındakı fərqdən) əldə etdiyi gəlir hesabına məhsulun hazırlanmasına sərf etdiyi xərcləri ödəmişdir. Bu gün biz layihənin əhəmiyyətli dərəcədə genişləndirilməsi istiqamətində çalışırıq. Bunun nəticəsində müştərilərimiz əməliyyatların aparılması üçün daha geniş və mükəmməl xidmət əldə edəcəklər.
- Yaxın gələcəkdə müştərilərinizə hansı yeni ticarət alətlərini təklif etmək niyyətindəsiniz?
- Ticarət platformamıza Brent markalı neft üzrə, həmçinin Daw Jones 30 (DJIA) indeks tərkibinə daxil olan, Microsoft Corporation, Boeing Company, American Express Company, Coca-Cola Co., Inc., McDonald Corporation və b. kimi 30 görkəmli şirkətin səhmləri üzrə qiymət fərqində ticarət etməyə imkan verən alətlər əlavə etmək fikrindəyik.
- Bankınızın sizə qədər heç bir bankın təqdim etmədiyi unikal xidmətləri varmı?
- Biz müştərilərə bir neçə dəqiqə ərzində ticarət hesabları açırıq və müştəri bankdan evinə qayıdanda artıq öz hesabı ilə işləməyə başlaya bilər. Öz hesabından pul vəsaitinin çıxarılması prosesi də tez başa gəlir. Müştəri lazımı məbləğin çıxarılması barədə elektron poçt vasitəsilə bizə tələbnamə yazır və banka gəldiyi zaman o, sadəcə, həmin məbləği kassadan alır. Bir çox müştərilər isə pul vəsaitinin birbaşa olaraq bank tərəfindən pulsuz təqdim olunan elektron karta köçürülməsi xidmətindən istifadə edirlər.
Diqqətinizi, həmçinin, saytımızdakı müvafiq xidmətlər dəstinə yönəltmək istərdim. Saytımızda yer almış http://forex.muganbank.az/content.php?lang=az&page=39&show=1 səhifəsində biz real vaxt rejimində (bu da olduqca vacibdir) dünya iqtisadiyyatının makroiqtisadi fundamental göstəricilərini xarakterizə edən qiymətləri dərc edirik. Burada bu göstəricilərin aparıcı valyutaların məzənnələrinə necə təsir göstərdiyinin ətraflı izahı verilir. Bu xidmətin unikallığı ondan ibarətdir ki, belə bir resurs azərbaycan dilində heç vaxt olmayıb. Əminik ki, zamanla ölkəmizin treyderləri maliyyə bazarının bu seqmentinə Muğanbankın əhəmiyyətli töhfəsini layiqincə qiymətləndirəcək.
- Sizcə, təzə başlayan treyderlər FOREX bazarında ticarətlə bağlı ən çox nədə yanılırlar?
- Bu sahədə təzə olanların əksəriyyəti belə güman edir ki, FOREX bazarında ticarət etmək asandır və bunun üçün lazım olan yeganə şey puldur. Başqa sözlə, onlar fikirləşirlər ki, pul böyük pulların qazanılmasına “biletdir”. Onlar başa düşmürlər ki, uğurlu ticarət böyük zəhmət, sabitlik, vaxt və davamlı olaraq təlimlənmə hesabına qazanılan bacarıqdır. Təcrübəsiz treyderlər bir qayda olaraq inanırlar ki, Forex bazarı onlara kapitallarını artırmaq üçün inanılmaz imkanlar bəxş edir. Lakin, yaddan çıxarırlar ki, onlar hələ təzə başlayırlar və onların bugünkü uğuru sadəcə xoşbəxt təsadüfdür. Artıq ilk uğurdan onlar loğvalanıb özlərini böyük treyder hesab edir və başlarını itirirlər, sonrakı mərhələlərdə isə həm ilk qazanclarından, həm də şəxsi pullarından məhrum olurlar. Maliyyə bazarlarında işləmək kazinoda ruletka oyunu deyil, bu, insandan həm nəzəri biliklər, həm praktik bacarıq, həm də müvafiq psixoloji və fiziki hazırlıq tələb edən ciddi analitik işdir. Buna görə də maliyyə bazarlarında yalnız öyrənmək, öyrənmək və yenə də öyrənmək arzusunda olan ciddi və məqsədyönlü insanlar qalır.
- Bəs maliyyə bazarlarında ticarət etməyə yenicə başlayanlara nəyi məsləhət görərdiniz?
- TİCARƏT ETMƏMƏYİ! Bu bazarda təzə olan hər kəs ticarət etməyə başladığı birinci pullarını da, ikinci və üçüncüsünü də mütləq itirir. Saysız-hesabsız var-dövlət əldə etmək üçün ticarət etmək barədə düşünməzdən əvvəl gərək özününkünü itirməməyi bacarasan. Bunun üçünsə plan üzrə, öz kapital və emosiyalarını ağıllı şəkildə idarə edərək ciddi surətdə işləməyi öyrənmək lazımdır. Təzə başlayanlara məsləhət görərdim ki, ən minimal hesabı açsınlar, əvvəlcə işin necə qurulduğunu və bazarın necə işlədiyini başa düşsünlər. Bundan sonra isə hələ heç nə bilmədiyini anlayan təcrübəsiz insan mütləq öz biliyini artırmağa, peşəkarların təcrübəsini öyrənməyə başlayacaq, bazarın fundamental və texniki analizinin nə demək olduğunu başa düşəcək, öz ticarət strategiyalarını işləməyə başlayacaq və beləliklə, addım-addım təsadüfi uğura deyil, yalnız zəhmətsevən və gözütox insanlara nəsib olan həqiqi uğura tərəf irəliləyəcəkdir.
- FOREX bazarında ticarətdə sizi ən çox nə cəlb edir?
- Ticarətin mümkün olduğu bazarların azad seçimi, əməliyyatın məbləğinin azad seçimi, ticarət zamanı heç bir diskriminasiyanın olmaması, nə vaxt, harada və hansı valyuta ilə işləməyi istəmək baxımından yer və vaxt seçimindəki sərbəstlik, internetə çıxışın olduğu istənilən yerdə işləyə bilmək əminliyi! Treydinq təkcə əyləncəli iş deyil, eyni zamanda təkmilləşdiyin, yeni şeylər anladığın və öz-özünü dərk etdiyin daimi prosesdir.
- Müvəffəqiyyətli treyderlərlə uğur qazana bilməyənlər arasındakı nisbət barədə soruşmaq istərdim. Niyə sonuncular həmişə çox olur?
- Məsələ insan psixologiyasında, bir çox insanlara xas olan tamahkarlıq və səbirsizlikdədir. Bacarıqlı treyder ticarəti planlaşdırarkən nəzərə alır ki, onun mümkün zərəri əməliyyatdan planlaşdırdığı gəlirdən beş dəfə az olmalıdır. Yəni, o, əməliyyatdan 100 dollar gəlir götürməyi planlaşdırırsa, onda mümkün zərərinin 20 dollardan çox olmamasının qeydinə qalır. Təcrübədə isə valyuta bazarının əksər iştirakçıları tam əksinə hərəkət edir. Vəziyyətin düzələcəyinə ümid edərək, yaxşı vəziyyətdə qazanacaqlarından beş dəfə artıq zərərə dözməyə hazırdırlar. Elə bu səbəbdən də statistikaya görə itirənlər həmişə çox olur. Buna görə də inanıram ki, treydinq tez varlanmaq fəlsəfəsi yox, çətin bir peşədir və bu peşəyə təhsil, təcrübə və intizamlılıqla yiyələnməklə, maliyyə bazarlarında müvəffəqiyyətlə ticarət etmək bacarığı əldə edə bilərsiniz.









