Banklar və Biznes

ANALİTİK-İNFORMATİV PORTAL

Sun05202012

AT&T şirkəti: analitik arayış

AT&T Corporation

“Amerika Telefon və Teleqraf” şirkəti (AT&T Corporation) 1885-ci ildə yaradılmış və uzun müddət ABŞ-ın telekommunikasiya bazarında inhisarçı şirkət olmuşdur. Hazırda AT&T şirkəti 41 milyon telefon xətti müştərilərinə, 16 milyon internet istifadəçilərinə və 3 milyon televiziya müştərilərinə xidmət göstərən aparıcı telefon şirkətlərindən biridir. Şirkət eyni zamanda böyük korporasiyalar üçün “Web hosting” və məlumatların ötürülməsi kimi xidmətlər də göstərir. AT&T həmçinin simsiz telekommunikasiya sahəsində ixtisaslaşan ABŞ-ın ikinci ən böyük şirkətidir və 88 milyon müştəriyə xidmət göstərir. Qərargahı Texas ştatının Dallas şəhərində yerləşir.

Telekommunikasiya bazarında cari mövqe

2006-cı ildə AT&T şirkəti 67 milyard dollara “BellSouth” şirkətini almış və bununla da ABŞ-ın ən böyük telekommunikasiya şirkətinə çevrilmişdir (Bu alış nəticəsində o, əvvəlki lider olan “Verizon” şirkətini də ötmüşdür). 2011-ci ilin mart ayında isə şirkət “Deutsche Telecom” konserninin tərkibinə daxil olan “T-Mobile” operatorunun alınması ilə bağlı razılıq imzalamışdır. Bu müqavilənin ümumi dəyəri 39 milyard dollara bərabərdir. Bunun da 25 milyard dolları pul formasında, 14 milyard dolları isə səhm formasında ödəniləcəkdir. Başqa sözlə, “Deutsche Telekom” şirkəti AT&T şirkətinin 8% səhm payını əldə edəcəkdir. Eyni zamanda, “Deutsche Telecom” öz nümayəndəsinin Direktorlar Şurasına daxil olunması ilə bağlı razlıq əldə etmişdir.

Əgər bu əməliyyata ABŞ hökuməti razılıq versə, AT&T şirkəti ABŞ-ın ən böyük telekommunikasiya şirkətinə çevriləcəkdir. Belə ki, AT&T şirkəti (hazırda 95 milyon) müştərilərin ümumi sayına görə “Verizon” (100 milyon) və “Sprint” (50 milyon) şirkətlərini arxada qoyacaq və təqribən 130 milyona çatacaqdır.

AT&T şirkətində hazırda təqribən 267 min işçi fəaliyyət göstərir. “T-Mobile” şirkəti isə 38 min işçiyə malikdir. Əgər AT&T şirkəti nəzərdə tutulduğu kimi “T-Mobile” operatorunu alsa şirkətin əməkdaşlarının sayı azaldıla bilər. Bununla yanaşı, bəzi ticarət məntəqələrinin də bağlanması mümkündür. Bu isə şirkətə hər il 3 milyard dollar vəsaitə qənaət etməyə imkan yaradacaqdır.

Nəzərinizə çatdırırıq ki, “T-Mobile” şirkəti (əvvəlki adı VoiceStream Wireless olmuşdur) 2001-ci ildə “Deutsche Telecom” şirkəti tərəfindən 35 milyard dollara almışdır. Uzun müddət fəaliyyət göstərməsinə baxmayaraq, şirkət yenə də digər böyük şirkətlərin kölgəsində qalırdı. Qeyri-rəsmi məlumatlara əsasən, 2010-cu ildə “Deutsche Telecom” şirkəti “T-Mobile” operatorunun satılması ilə bağlı “Sprint Nextel” şirkəti ilə də danışıqlar aparırdı.

Böyüklüyünə görə 4-cü yerdə olan “T-Mobile” şirkətinin alınması AT&T şirkətinin öz coğrafi mövqeyini daha da genişləndirməyə imkan verəcəkdir. Eyni zamanda, AT&T şirkətini “T-Mobile” brendindən imtina edəcək və bu operatorun müştərilərinə məhsulları öz adından təqdim edəcəkdir. Həmçinin, alış baş tutduqdan sonra rabitənin də yaxşılaşdırılması nəzərdə tutulmuşdur.

Əgər AT&T şirkəti “T-Mobile” operatorunun alışını həyata keçirsə, demək olar ki, telekomunikasiya bazarının 80%-i iki şirkətin (AT&T və Verizon) əlində cəmləşmiş olacaqdır. Bu isə bir sira digər şirkətləri narahat etməyə başlamışdır. Nəticədə, ABŞ-ın Ədliyyə Nazirliyi Kolumbiya məhkəməsinə antimonopoliya iddia ərizəsi təqdim etmiş və bu əməliyyatın baş tutmasının qarşısını almağa çalışmışdır. Səbəb kimi isə əməliyyatın baş tutması nəticəsində ölkədə telekommunikasiya sahəsində azad rəqabətin zəifləməsi və qiymətlərin qalxması göstərilmişdir. İddia ərizəsində, eyni zamanda, qeyd olunmuşdur ki, AT&T şirkəti “T-Mobile” şirkətini almaqla özünün ən əsas rəqiblərindən birini aradan qaldırmaq istəyir. Bu əməliyyata qarşı eyni zamanda ABŞ-ın 3-cü ən böyük telekommunikasiya şirkəti olan “Sprint Nextel” şirkəti də qarşı çıxmışdır. Şirkətin rəhbərliyi qeyd etmişdir ki, AT&T və Verizon şirkəti bazarın böyük hissəsini öz əllərində saxlamaqla azad rəqabətə mənfi təsir göstərəcəkdir.

Bu iddianın əvəzində AT&T şirkətinin rəhbərliyi ABŞ hökümətinə 5000 yeni iş yerinin açacağını və eyni zamanda, qiymətləri aşağı salacağını söz vermişdir. Qeyd etmək lazımdır ki, əməliyyatın baş tutmasına qarşı məhkəmə iddialarının yaranması nəticəsində AT&T və Verizon şirkətlərinin səhmləri müvafiq olaraq 6% və 3% düşmüş, Sprint Nextel şirkətinin səhmləri isə 6% qalxmışdır. Aşağıdakı şəkildən görmək olar ki, “T-Mobile” şirkətinin alınması ilə bağlı razılıq bağlandıqdan sonra (mart ayında) şirkətin səhmləri sürətlə artmış, lakin bu əməliyyata qarşı məhkəmə iddiaları ortaya çıxdıqdan sonra səhmlərin qiyməti yenidən düşməyə başlamışdır.

AT&T Corporation

Bu məhkəmə iddiaları nəticəsində noyabr ayında ABŞ Federal Rabitə Agentliyi AT&T şirkətinin alış əməliyyatını həyata keçirməklə bağlı sorğusuna rədd cavabı vermişdir. Hazırda məsələ ilə bağlı məhkəmə danışıqları davam etməkdədir. AT&T şirkəti məsələnin tezliklə həll olunmasına çalışır. Belə ki, əgər əməliyyat 2012-ci ilin sentyabr ayına kimi həyata keçirilməsə AT&T şirkəti “Deustche Telecom” şirkətinə 4 milyard dollar cərimə ödəməli olacaqdır.

 

Maliyyə vəziyyəti

Şirkətin maliyyə nəticələrinə nəzər salsaq görərik ki, şirkətin satışları stabil olaraq artmaqdadır və artıq 3-cü rübün nəticələrinə görə əvvəlki ilin satışlarını keçmişdir. 2006-ci ilə nisbətdə isə satışlar 100% artmışdır. Şirkətin 3-cü rüb üzrə xalis gəliri isə müəyyən qədər azalmışdır. Bu isə AT&T şirkətinin Apple sirkətinin iPhone biznesinə 900 milyon dollar dəyərində vəsait ayırması ilə bağlı olmuşdur.

Eyni zamanda, AT&T şirkətinin cəmi aktivləri stabil olaraq hərəkət edir və 3-cü rübün nəticələrinə görə 278 milyard dollara bərabər olmuşdur. Lakin şirkətin uzun müddətli borc öhdəlikləri də 3-cü rübdə artmış 6,24% artmış və 62 milyard dollara bərabər olmuşdur. Şirkətin səhmdar kapitalı isə 2008-ci ildən artmaqdadır və artıq 3-cü rübün nəticələrinə əsasən (113,62 milyard dollar) 2008-ci ilə nisbətdə 17,92% artmışdır. Qeyd etmək lazımdır ki, şirkətə 2011-ci ilin üçüncü rübünə qədər əməliyyat fəaliyyətindən daxil olan pul vəsaitləri xalis gəlirdən 3 dəfə böyükdür. Bu isə şirkətin fəaliyyətində müsbət bir göstərici kimi qəbul olunur. Eyni zamanda, şirkət 2011-ci ilin 3-cü rübünə qədər investisiya fəaliyyətinə 21,76 milyard dollar pul vəsaiti yatırmışdır. AT&T şirkətinin 3-cü rübdə uzunmüddətli borc öhdəliyi artmasına baxmayaraq, şirkət 6,9 milyard dəyərində borc vəsaitini geri ödəmişdir. Həmçinin, 10,11 milyard dollar dəyərində vəsait divident şəklində səhmdarlara ödənilmişdir. Şirkətin likvidliyi 2008-ci ildən etibarən artmasına baxmayaraq bu göstərici (3-cü rüb üzrə 0,84) o qədər də ürəkaçan deyil. Bu şirkətin öz qısamüddətli öhdəliklərini ödəmək üçün kifayət qədər vəsaitinin olmadığını göstərir. Həmçinin, şirkətin maliyyə levereci də yüksəkdir və aktivlərinin 1/3 hissəsi borc kapitalı vasitəsilə maliyyələşdirilmişdir.

AT&T şirkətinin 2011-ci il üzrə mənfəət göstəriciləri (Milyard dollar)

AT&T Corporation

Tövsiyyə

Baxmayaraq ki, AT&T şirkəti böyük bazar payına malikdir, telekommunikasiya sahəsində fəaliyyət göstərən digər şirkətlərin rəqabəti onun telefon biznesinə mənfi təsir göstərir. Biz digər şirkətlər tərəfində olan bu təzyiqin gələcəkdə bir qədər azalacağını gözləyirik. Əks halda AT&T öz mövqeyini qorumaq üçün mübarizə aparacaqdır. Şirkətin pul axınında azalma onun öz borc və digər öhdəliklərini ödəməsində çətinlik yarana bilər. Həmçinin, şirkətin gəlirinin böyük hissəsini yerli və şəhərlərarası telefon xidmətləri təşkil edir. Lakin bu bazara yeni rəqiblərin daxil olmasına şirkətin fəaliyyətinə mənfi təsir göstərə bilər. Şirkətin böyük məbləğdə borc öhdəlikləri və bu kimi digər öhdəlikləri şirkətin maliyyə vəziyyətinin o qədər də güclü olmamasını göstərir.

Lakin qeyd etmək lazımdır ki, şirkət yüksək sürətli internet xidmətləri üzrə ABŞ-ın ən böyük şirkətidir. Eyni zamanda düşünürük ki, şirkəti “T-Mobile” operatorunu almaqla rəqiblərindən birini azaltma istəyi müsbət hal kimi qiymətləndirilə bilər. Sonda qeyd edə bilərik ki, bizim dəyərləndirməmizə görə şirkətin səhminin ədalətli dəyəri 32 dollara bərabərdir. Bu göstərici “T-Mobile” şirkətinin alınması əməliyyatının baş tutması halında daha da arta bilər.

AT&T Corporation

 

 

 

 

 

Pərviz Allahverdiyev  

Qarant Invest şirkətinin maliyyə analitiki

ƏLAQƏLİ YAZILAR

AddThis Social Bookmark Button

37-2011 »

JA Teline IV

36-2011 »

JA Teline IV

35-2011 »

35-2011

34-2011 »

34-2011

33-2011 »

Avatar