SOCAR xüsusi ipoteka proqramı hazırlayıb
Neftçilərin tikinti kooperativi yaradılıb və şirkət hesabına onlara uzunmüddətli ipoteka kreditlərinin verilməsinə başlanılıb.
SOCAR-ın hüquq idarəsinin rəisi Eldar Orucovun sözlərinə görə, Mənzil Məcəlləsinin qüvvəyə minməsi ilə əlaqədar şirkətin mənzil fondunun saxlanılması və onun əməkdaşlarının əvvəlki qaydada mənzillərlə təmin edilməsi qeyri-mümkündür. Ona görə də SOCAR-da mənzil uçotuna qəbul 2008-ci ildən dayandırılıb, şirkətin sosial proqramına bəzi dəyişikliklər edilib. Dəyişikliklərdən biri tələblərin maksimal sərtləşdirilməsi yolu ilə mənzil uçotunda duranların sayının azaldılması, digəri isə alternativ yollarla əməkdaşların mənzillə təmin edilməsidir.
Şirkət əməkdaşlarına ipoteka kreditlərinin verilməsi üçün agent-bank qismində Xalq Bank seçilib. SOCAR-ın ipoteka sxeminə görə şirkət öz hesabına banka illik 3%-lə depozit qoyacaq. Bank isə bu depozitlər hesabına “Neftçi” kooperativinin üzvlərinə illik 4%-lə ipoteka kreditləri verəcək.










