Dövlət Gömrük Komitəsinin yığımları 1,14 milyard manata çatdırılacaq
Bu, 2011-ci il dövlət büdcəsi haqqında qanuna edilən düzəlişlərdən sonra müəyyən edilib.
Belə ki, cari ilin dövlət büdcəsinə edilən dəyişikliklərdən sonra Dövlət Gömrük Komitəsi xəttilə büdcəyə daxil olacaq vəsait 20 milyon manat və ya 1,8% artırılaraq 1,14 milyard manata çatdırılacaq. Əlavə 20 milyon manatın 12 milyon manatı əlavə dəyər vergisi üzrə yığımlardan, qalan 8 milyon manatı isə gömrük rüsumlarından ibarət olacaq.
Dövlət Gömrük Komitəsi, həmçinin qeyri-neft sektorunun inkişaf etdirilməsi üçün idxalın azaldılması yönündə fəaliyyətini sərtləşdirir. Belə ki, 2011-ci ilin yanvar-aprel ayları ərzində Azərbaycana əmtəə idxalının 54%-i vergilərin ödənilməsi və rüsumlardan azad edilib. Bundan başqa, cari ilin əvvəlindən hökumətin qəbul etdiyi 4 qərara əsasən, ölkəyə idxal edilən müəyyən mallar əlavə dəyər vergisi və gömrük rüsumlarının ödənilməsindən azad edilib.










